Haqqında
Kazım Xürrəm oğlu Quliyev
1963-cü il fevralın 2-də Bərdə rayonunun Mehdixanlı kəndində müəllim ailəsində anadan olub.
1970–1980-ci illərdə Ağdam rayonundakı 8 saylı orta məktəbdə təhsil alıb. 1972–1977-ci illərdə tar üzrə musiqi təhsili alıb. 1977–1980-ci illərdə Ağdam rayon Pionerlər və Məktəblilər Evinin “Qarabağ bülbülləri” ansamblının üzvü, sonralar isə konsertmeysteri olub. Həmin dövrdə ansamblın tərkibində bir neçə beynəlxalq mahnı müsabiqəsinin və musiqi festivalının qalibi olub.
“Qarabağ bülbülləri” və “Şən uşaqlar” filmlərində çəkilib.
1981–1983-cü illərdə hərbi xidmət keçib. 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, 1991-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildə Xocalı faciəsindən sonra könüllü olaraq Ağdam ərazi özünümüdafiə batalyonunda hərbi həkim kimi fəaliyyətə başlayıb. Sonralar AHDM-də poliklinika rəisi, Azərbaycan Ali Hərbi Məktəbində lazaret rəisi, 2004-cü ildən isə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında qan bankının rəisi vəzifəsində çalışıb.
2017-ci ildə tibb xidməti polkovnik-leytenantı rütbəsində ehtiyata buraxılıb, lakin həmin hospitalın qan bankında həkim-mütəxəssis kimi fəaliyyətini davam etdirir.
Qarabağ müharibəsi və Silahlı Qüvvələr veteranıdır. Xidmət müddətində bir çox medalla təltif olunub. Silahlı Qüvvələrdə qan xidmətinin müasir tələblərə cavab verən səviyyəyə çatmasında müstəsna xidmətlər göstərib. 1993-cü ilin aprel döyüşlərində ordunun qan təminatını bacarıqla təşkil etdiyi üçün İkinci Qarabağ müharibəsində də qan xidmətinin təşkili ona həvalə edilib. Ailəlidir, üç övladı var.
1977-ci ildən müxtəlif mövzularda şeirlər yazır.
Təxəllüsü: Kazım Qarabağlı
